ABŞ VƏ GUÖAM ÖLKƏLƏRİ TƏHLÜKƏSİZLİK VƏ İQTİASDİYYAT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİRLƏR
Dekabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi A. Elizabet Cons ilə GÜÖAM ölkələrinin - Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanın Vaşinqtondakı səfirlərinin görüşü olmuşdur. Dövlət departamentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, görüşdə Birləşmiş Ştatlarla GUÖAM arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Görüşün yekununa dair birgə bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir:
Görüşdə tərəflər ticarətə və nəqliyyata kömək göstərilməsində və hüquq-mühafizə fəaliyyəti sahəsində ABŞ-GÜOAM birgə layihəsi ilə əlaqədar gələcək tədbirlər barədə razılığa gəlmişlər. Birləşmiş Ştatlar və GÜÖAM bu layihələri həyata keçirməklə terrorizm və mütəşəkkül cinayətkarlıqla mübarizədə və çoxtərəfli səmərəli əməkdaşlığın stimullaşdırılmasında özlərinin ümumi məqsədlərinə nail olmağa çalışırlar.
Son üç ildəki konstruktiv dialoqumuz belə bir məsələdə qarşılıqlı razılaşmaya gətirib çıxarmışdır ki, regional təhlükəsizliyə kömək göstərilməsinə və iqtisadi inkişafın stimullaşdırılmasına dair konkret çoxtərəfli layihələrlə irəliyə doğru getməyin vaxtı gəlib çatmışdır. 2002-ci ilin iyulunda Yalta görüşündə GÜÖAM ölkələri “Terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və digər təhlükəli cinayətlərlə mübarizədə əməkdaşlıq haqqında saziş” imzalamışlar.
2002-ci ilin sentyabrında Nyu-Yorkda Dövlət katibinin köməkçisi Cons və GÜÖAM ölkələrinin xarici işlər nazirləri regional sabitliyin möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşkili sahəsində razılaşdırılmış tədbirlər görülməsinə çağırmışlar.
Bu yaxınlarda Dövlət katibinin müavini Riçard Armitac həmin məqsədlərə nail olmaqdan ötrü ABŞ və GÜÖAM-ın birgə tədbirlərinin bundan sonra da həyata keçirilməsinin konkret təfsilatını müzakirə etmək üçün GÜÖAM ölkələrinin Vaşinqtondakı səfirləri ilə görüşmüşdür. Bu görüşlər nəticəsində birgə “Çərçivə proqramı” üzrə irəliləyişə nail olmaq haqqında razılaşma əldə edilmişdir.
Razılaşmada ticarətə və nəqliyyata yardım göstərilməsi, sərhəd və gömrük nəzarətinin təmin edilməsi, terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq nəzərdə tutulur.
“Çərçivə proqramı”na görə, Birləşmiş Ştatlar ticarət və nəqliyyat üzrə təşəbbüsün tədqiqat mərhələlərini (gömrük və sərhəd xidmətləri üçün məsləhətçi ayrılması) və GÜÖAM-ın Hüquq mühafizə mərkəzini maliyyələşdirməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, GÜÖAM ölkələri sərhəd məntəqələrindəki infrastrukturun modernləşdirilməsi üçün güzəştli kreditlər haqqında Dünya Bankı ilə danışıqlar aparmaq imkanı alacaqlar. Hüquq mühafizə təşəbbüsü məlumat mübadiləsinə kömək göstərilməsindən və GÜÖAM ölkələrinin paytaxtlarından hər birində ekspertlər səviyyəsində növbə ilə işçi qruplarının iclaslarını keçirmək şərti ilə “virtual” mərkəz yaradılmasından başlanmalıdır. Mərkəzin birinci iclası ABŞ nümayəndələrinin iştirakı ilə 2003-cü ilin fevralında Bakıda keçiriləcəkdir.
Birləşmiş Ştatların və GÜÖAM ölkələrinin ekspertləri bu layihələrin həyata keçirilməsi üzərində işi davam etdirəcəklər. Tərəflər gömrük və sərhəd orqanları ilə GÜÖAM-ın işgüzar səviyyədə planlaşdırılmış görüşlərində, habelə terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə işçi qrupunun növbəti iclasında ekspertlərin müntəzəm birgə məsləhətləşmələrini keçirmək barədə razılığa gəlmişlər. Birləşmiş Ştatlar GÜÖAM-ın Kiyevdə İnformasiya mərkəzinin təsis edilməsi, bu təşkilatın Parlamentlərarası Assambleyasının yaradılması və regional azad ticarət zonası layihəsinin gercəkləşdirilməsi kimi digər layihələr üzrə ardıcıl irəliləməsini bəyənmişdir. Birləşmiş Ştatlar region üçün azad ticarət zonası yaratmaq ideyasını dəstəkləmiş və bu layihənin gercəkləşdirilməsinə yardıma dair gələcəkdə məsləhətləşmələr aparılması barədə razılığa gəlmişdir.
GÜÖAM ölkələri çoxtərəfli əsasda olub, Amerikanın ikitərəfli yardım proqramları üzrə fəaliyyəti tamamlayan və möhkəmləndirən layihə və proqramların daha da inkişaf etdirilməsinə maraq göstərdiklərini bildirmişlər. Tərəflər ümid edirlər ki, bu birgə layihələr əməkdaşlığın yeni səviyyəsinə çıxmağa imkan verəcəkdir.