Abşeron rayonunda şəhidlərin xatirəsi anılıb
Xırdalan, 4 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Vətən müharibəsində Qələbənin üçüncü ildönümünün qeyd edildiyi günlərdə Abşeron rayonunda da tədbirlər keçirilir, şəhidlərin xatirəsi anılır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi ilə xalqımız düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycanın haqq savaşında sinəsini qabağa verən, torpaqlarımızı işğaldan azad edən Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə xalqımızın döyüş əzmini bir daha bütün dünyaya tanıtdırdılar.
AZƏRTAC xəbər verir ki, anım tədbirlərində rayon rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhidlərin - Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov, Səbuhi Məcidov, Zaur Ələsgərli, Ziyəddin Rəşidov, Teymur Quliyev, Əli Əliyev, Bəhruz Əhmədov və İlkin Məmmədovun ildönümü mərasimləri, eləcə də şəhid Tural Məmmədovun doğum günü ilə əlaqədar məzarlarını ziyarət ediblər, şəhidlərin ailələri ilə görüşüblər, onların qayğı və problemləri ilə maraqlanıblar.
Həmçinin Abşeron rayonunun ağsaqqalları və din xadimləri 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.