Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin şərəfinə gül bayramı
Xırdalan, 10 may (AZƏRTAC). Xırdalan sakinlərinin sevimli istirahət yeri olan “Heydər parkı” mayın 10-da, ümummilli lider Heydər Əliyevin doğum günündə əsl gülüstana oxşayırdı. Burada ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş gül bayramı keçirilmişdir. Tədbirdə rayonun bütün orta məktəbləri, məktəbəqədər təhsil və mədəniyyət müəssisələri iştirak edirdi. Gül sərgisi təxminən 60 ekspozisiyadan ibarət idi.
Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, müasir Azərbaycan tarixində müstəsna xidmətləri olmuş bu insanın xatirəsini ehtiramla yad etmişlər.
Qeyri-adi gözəlliyi ilə seçilən bu bayram Abşeron sakinlərinin diqqətini cəlb etmişdir. Parkdakı meydan və xiyabanlarda qələbəlik idi. Bayram şənliyinin iştirakçıları və qonaqlar məktəblilərin əli ilə düzəldilmiş müxtəlif ikebanalar, göz oxşayan panno və peyzajların, buketlər və gül səbətləri, gənc rəssamların digər əl işlərinin toplandığı rəmzi pavilyonlara tamaşa edirdilər. Rayonun 36 orta məktəbinin, 22 məktəbəqədər tərbiyə müəssisəsinin, eləcə də musiqi məktəblərinin bacarıqlı yetirmələri öz əl işlərini təqdim etmişdilər. Uşaqlar şənlik iştirakçılarını müxtəlif gülləri xatırladan konfetə, qənnadı məmulatına həvəslə qonaq edir, öz əl işlərini onlara bağışlayırdılar. Solistlər və qiraət ustaları əsl patriot, Azərbaycanın böyük oğlu Heydər Əliyev haqqında mahnılar və şeirlər oxuyurdular. İdmançılar və rəqqaslar da ümummilli liderin xatirəsinə həsr edilmiş konsert nömrələri göstərirdilər.
Parkın yay estradasında respublika incəsənət ustalarının və rayonun bədii özfəaliyyət kollektivlərinin konserti oldu.
Kütləvi xalq gəzintisi ilə davam edən gül bayramı axşamdan xeyli keçənədək davam etmişdir.