Abşeronda bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb
Xırdalan, 28 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun yaradılmasının 55 illiyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Xırdalanda ümumrayon bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə foyedə məktəblilərin rayonunun 55 illik yubileyinə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgisi ilə tanış olublar.
Dövlət himnin səsləndirilməsi ilə başlanan tədbirdə Abşeronun 55 illik tarixini özündə əks etdirən sənədli film göstərilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əlamətdar günlər münasibətilə abşeronluları təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin rayonda da sürətlə aparılmasından danışıb.
İradə Gülməmmədova Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Ümummilli Liderin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında birliyin, həmrəyliyin möhkəmlənməsinə səbəb olub.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da gücləndiyi diqqətə çatdırılıb.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub.
Bayram tədbiri süfrə arxasında davam edib. Rayonunun yaradılmasının 55 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
Sonda Xırdalan şəhər Heydər Əliyev parkında möhtəşəm atəşfəşanlıq olub.