ADAU alimi beynəlxalq seminarda çirklənmiş torpaqların bərpasına dair tədqiqat nəticələrini təqdim edib
Gəncə, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Fariz Ələkbərov Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı (CAREC–Central Asia Regional Economic Cooperation) çərçivəsində yaşıl kənd təsərrüfatı üzrə regional işçi qrupun seminarında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 7–dən 10-dək Özbəkistanın Daşkənd şəhərində, Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi üzrə Mühəndislik İnstitutunda (TIIAME) keçirilən seminarda CAREC Proqramı çərçivəsində Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzi (RCGA) internet platformasının yaradılması və “Davamlı inkişaf üzrə yaşıl inklüziv dəyişikliklər” (Green Inclusive Change for Sustainable Development) adlı akademik modulun hazırlanması məsələləri diqqət mərkəzində olub.
Tədbirdə CAREC regionuna daxil olan Azərbaycan, Pakistan, Monqolustan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan və digər ölkələrin aparıcı universitetlərinin nümayəndələri, ekspertlər, eləcə də Asiya İnkişaf Bankının (ADB) mütəxəssisləri iştirak ediblər.
Seminarın əsas məqsədi region ölkələri arasında yaşıl, iqlimə davamlı və rəqəmsal kənd təsərrüfatı, həmçinin yaşıl bacarıqlar istiqamətində əməkdaşlığın gücləndirilməsi, Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzinin (RCGA) rəqəmsal platformasının inkişaf etdirilməsi və “Davamlı inkişaf üzrə yaşıl inklüziv dəyişikliklər” adlı akademik modulun yekunlaşdırılması olub.
Sentyabrın 9–10-da akademik modul çərçivəsində təşkil olunan sessiyalarda davamlı inkişaf və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, Just Transition (Ədalətli Keçid), davamlı inkişaf naminə dəyişikliklərin idarə edilməsi, yaşıl və inklüziv dəyişiklik yanaşmaları, o cümlədən üzvi kənd təsərrüfatı, su və torpaq resurslarının səmərəli idarə olunması, davamlı enerji və ekoloji ədalət, dövri yaşıl iqtisadiyyat və resurslardan səmərəli istifadə kimi mövzular nəzərdən keçirilib.
Seminarın mühüm hissələrindən biri müxtəlif ölkələrin real təcrübələrinin təqdim edildiyi “Case Workshop” sessiyası olub. Sessiyada Fariz Ələkbərov tərəfindən “Azərbaycanda deqradasiyaya uğramış və pestisidlərlə çirklənmiş torpaqların bərpası və davamlı idarə olunması üçün effektiv mikroorqanizmlər, biochar və vermikompostun inteqrasiyalı tətbiqi” mövzusunda hazırlanmış real təcrübə və tədqiqat nəticələri təqdim edilib.
Tədbir regional əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də yaşıl kənd təsərrüfatı sahəsində yeni təhsil və tədqiqat imkanlarının yaradılması baxımından əhəmiyyətli olub.
Müxbir - Elcan Məmmədov