ADNSU-da “Recyclaton” hakatonunun təqdimatı olub
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonu barədə təqdimat keçirilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Təqdimat Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və “Coca-Cola” Fondunun birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız dünya” proqramı çərçivəsində həyata keçirilib.
Tədbirdə “ASAN xidmət”in Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsinin əməkdaşları Zəhra Həşimova və Günel Qurbanova hakaton barədə təqdimatla çıxış ediblər. Hakatonun məqsədi, komandaların formalaşması, mərhələləri, həll konseptləri, gənclərin prosesə təşviq olunması, həmçinin bu istiqamətdə məlumatlandırma mexanizmi və qeydiyyat barədə tələbələrə ətraflı məlumat verilib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Hakatonun məqsədi tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlılığa nail olmaqdır. Layihə konseptləri sahəvi mentorların dəstəyi ilə prototip halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcək və ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə pul mükafatları veriləcək.