ADNSU ilə İsrailin Energetika və Su Ehtiyatları Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis müfəttişliyi şöbəsinin rəhbəri Viktor Bariudin ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Mustafa Babanlı rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, startap layihələri və s. haqqında danışıb. ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu deyən rektor universitetə dəvətli professorların cəlb edilməsi, mübadilə proqramları, ingilis dilində təhsil, bakalavr, magistratura və doktorantura səviyyələrinə qəbul və s. haqqında məlumat verib.
Görüşdən məmnun qaldığını qeyd edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis müfəttişliyi şöbəsinin rəhbəri Viktor Bariudin təmsil etdiyi qurumun əməkdaşlarının kvalifikasiyalarını artırmaq üçün ADNSU-ya treninqə göndərilməsini təklif edib.
Qonaq, eyni zamanda, kompüter elmləri üzrə birgə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
Sonra əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb.