ADU-da Səudiyyə Ərəbistanı Krallığının səfiri ilə görüş olub



Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Kamal Abdulla iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Rektor Səudiyyə Ərəbistanında fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu diqqətə çatdırıb: "Bu, həm gənclərimizin bir-birini daha yaxından tanımağına səbəb olacaq, həm də alimlərimiz müştərək elmi-tədqiqat işlərini həyata keçirəcəklər. İnanıram ki, sizin köməyinizlə bu işləri görə biləcəyik”.
Səfir iki ölkə arasında olan əlaqələrin qardaşlıq səviyyəsində olmasını diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələr arasında elmi əməkdaşlığın inkişafı istiqamətində bir sıra addımlar atılmaqdadır. Bildirilib ki, görüş qarşılıqlı əməkdaşlığın başlanğıcı üçün vacib addım hesab olunmalıdır. ADU ilə üç mərhələ üzrə əməkdaşlığın mümkünlüyü haqqında fikir mübadiləsi aparılıb. İlk mərhələdə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərən şöbə ilə əlaqələrin qurulması, universitet haqqında məlumatların əldə edilməsi vacibdir. Daha sonra ADU ilə əməkdaşlığa başlanması üçün addımların atılmasının - memorandum imzalanmasının vacibliyi vurğulanıb.
Görüş gələcək elmi əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi, yeni elmi perspektivlərin mövcudluğu ətrafında müzakirələrlə davam edib.