ADU daha bir Avstriya Universiteti ilə əməkdaşlıq edəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 17-18-də Azərbaycan Dillər Universitetində (ADU) “Bakıda Avstriya ədəbiyyatı günləri” adlı tədbir keçiriləcəkdir.
Universitetin İctimaiyyətlə əlaqə və mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin açılış mərasimində Azərbaycan Dillər Universitetinin rektoru, professor, Milli Məclisin deputatı Səməd Seyidov, Avstriyanın ölkəmizdəki səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə attaşesi Ziqlinde Şpanlanq, Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus Amman, həmin institutun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan müəllimlər də iştirak edəcəklər.
Tədbir çərçivəsində ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə də imzalanacaqdır.
Mərasimdə Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor K.Amman “Avstriya ədəbiyyatı anlayışı”, həmin universitetin Robert Muzil adına Ədəbiyyat İnstitutunun bölmə rəhbəri V.Fanta “Şeytanlar. Dodererdən Mitterə qədər Avstriya ədəbiyyatında şovinizm, millətçilik və sağ radikalizm”, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva “Muzil və Kafkanın yaradıcılığında insan obrazı”, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev “Muzilin yaradıcılığında kinayə: üslubi vasitə yoxsa gerçəkliyin kəskin tənqidi?” mövzusunda məruzə oxuyacaqlar.
Alpen-Adria Universitetinin əməkdaşı Maja Haderlap isə Avstriya ədəbiyyatından seçilmiş şeirlər səsləndirəcəkdir.
Tədbirin sonuncu günü də bir neçə məruzə təqdim olunacaqdır.
ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdikləri tədbir çərçivəsində iki dövlət arasında mədəni-siyasi əlaqələrə, tərcümə məsələlərinə və Avstriya ədəbiyyatının Azərbaycandakı vəziyyətinə həsr olunmuş “dəyirmi masa” keçiriləcəkdir.