AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Yunanıstanın mədəniyyət naziri Qeorgios Vulqarakis jurnalistlərə bildirmişdir ki, Afina Akropolunun yeni muzeyi 2007-ci ildə açılacaqdır. Vulqarakis demişdir ki, işlər sürətlə gedir və təxminən bir ildən sonra binanın tikintisi başa çatacaqdır. Akropolun bəzi yeni tapıntıları 2006-cı ilin mayından Afina muzeylərinin birində nümayiş etdiriləcəkdir. Yeni muzeyin ümumi sahəsi 23 min kvadratmetr olacaqdır. Onun inşasına üst-üstə 129 milyon avro ayırmışdılar. Muzeyin 2004-ci ildə Afinada keçirilən Olimpiya oyunlarına kimi tikilməsi nəzərdə tutulmuşdu, lakin binanın tikintisi zamanı bir sıra problemlər ortaya çıxmışdır. Məsələn, Afinanın tarixi rayonunda landşaftın dəyişdirilməsinə görə smetaya böyük məbləğdə kompensasiya daxil edilmişdir.
Yunanıstan hökuməti Britaniya muzeyini XIX əsrdə lord Elginin Londona apardığı Parfenonun məşhur heykəllərini qaytarmağa razı salmağa çalışır. Yunanlar Britaniya diplomatının bu hərəkətini “mədəni oğurluq” adlandıraraq bildirmişlər ki, Parfenonun şah əsərləri məbədin memarlığı ilə vahid ansamblda tamaşaçıya göstərilməlidir. Lakin britaniyalılar misilsiz eksponatları qaytarmaqdan imtina edirlər. Onların fikrincə, lord Elgin Parfenonun frizlərini qanuni yolla əldə etmişdir. Heykəllər Britaniya muzeyində tam təhlükəsiz şəraitdə saxlanılır.
Buna baxmayaraq, Yunanıstan Parfenonun mərmər heykəllərinin qaytarılması uğrunda kampaniyadan əl çəkməyəcəyini bildirmişdir.