Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
Kocaeli, 10 oktyabr, AZƏRTAC
Türkiyənin xarici siyasətində gənclər mühüm yer tutur. Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərimizin, xüsusilə texnologiya və iqtisadiyyat sahələri başda olmaqla, bütün istiqamətlərdə əməkdaşlığının inkişafına böyük əhəmiyyət veririk. Gələn ildən etibarən Türk dünyası gənclərinin görüşünü davam etdirməyi planlaşdırırıq. Gələn il Türk dünyasının mədəniyyət paytaxtı seçilən Kayseridə bu görüşün ikincisini keçirəcəyik. İnanıram ki, gələn il Türk dünyasının müxtəlif ölkələrindən minlərlə tələbə və gənclə görüşəcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuata açıqlaması zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu bildirib.
Türk dünyası gənclərinin bir yerə toplanması, təcrübə mübadiləsi aparması və birgə fəaliyyət imkanlarını müzakirə etməsinin ölkələrimiz arasında qardaşlıq, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edən Zorlu bildirib ki, Türk dünyası ölkələri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də idmandır.
“Hazırda Türk dövlətlərindən və digər bölgələrdən Türkiyəyə gələn futbolçular klublarımızda legioner statusunda çıxış edirlər. Məqsədimiz bu istiqamətdəki işi yekunlaşdıraraq həmin futbolçuların legioner deyil, türk futbolçusu statusunda oynamalarına imkan yaratmaqdır. İnanıram ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və digər türk dövlətlərinin milli komandaları bu qərar və qarşılıqlı əməkdaşlıq nəticəsində futbolda mühüm uğurlara imza atacaqlar. Bu təşəbbüs bizə 200 milyondan çox əhalisi olan Türk dünyasının gənclərini, istedadlarını və idmançılarını bir-birinə daha da yaxınlaşdırmağa imkan verəcək. Məqsədimiz yalnız ayrı-ayrı ölkələrin imkanlarından istifadə etmək deyil, həm də ortaq potensialımızı səfərbər edərək bütün Türk dünyasının inkişafına töhfə verməkdir.
Müasir dövrdə texnologiya və süni intellekt ölkələrin inkişafında mühüm rol oynadığını deyən sədr müavini Qazaxıstanın bu istiqamətdə Süni İntellekt Nazirliyi yaratdığını sözlərinə əlavə edib: “Türkiyədə Prezidentinin iştirakı ilə süni intellekt sahəsində baxış sənədi açıqlanıb. Özbəkistan və digər Türk dövlətlərində də bu sahədə mühüm addımlar atılır. Türk dövlətlərində gənc əhali ilə bağlı mühüm bir məqama da diqqət çəkmək istəyirəm. Hazırda Türk dövlətlərində 15-24 yaşarası gənclərin ümumi sayı 27 milyon nəfərdir. Bununla belə gənc əhalinin artım tempi hələ arzuolunan səviyyədə deyil. Gənclərimizin potensialından daha səmərəli istifadə etməyi qarşıya məqsəd qoymuşuq. İstəyirik ki, ölkələrimizin insan resursları bir-birini tamamlasın, gənclərimizin bilik və bacarıqları ortaq inkişafımıza xidmət etsin, onların təhsil və məşğulluq imkanları genişlənsin. Bu məqsədlə “Kariyerim Türk” başlığı altında mühüm layihəyə də başlayırıq. Türk dünyasının ortaq insan resurslarının inkişafına xidmət edəcək bu layihə müxtəlif məşğulluq sahələrini əhatə edəcək, gənclərimizin iş imkanlarının genişləndirilməsinə və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”.