MƏDƏNİYYƏT
“Ağ bığlılar” növbəti dəfə teatrsevərlərin görüşünə gələcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa noyabrın 2-də yenidən nümayiş ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır.
Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək.