Olimpiya lisenziyası qazanan Anna Başta: Məşqçim dedi ki, hazırlaş, Parisə gedirik
Bakı, 29 may, AZƏRTAC
“Bu xəbəri dünən öyrəndim. Telefonum internetə qoşulanda gördüm ki, qızlardan, komanda yoldaşlarımdan çox sayda mesaj var. Orada “Paris-2024” yazılmış, ürək, çiçək işarələri göndərilmişdi. Hamı məni təbrik edirdi. Əvvəlcə heç nə anlamadım”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan qılıncoynadanı Anna Başta deyib.
Qadınların şəxsi yarışında Olimpiadada iştirak hüququ əldə edən idmançı təəssüratlarını bölüşüb: “Bir neçə dəfə məşqçim Vadim Şturbabin zəng etmişdi. Aydındır ki, əvvəlcə ona zəng vurdum. Soruşdum ki, nə baş verib? Sual verdi ki, sən artıq hər şeyi bilirsən? Soruşdum ki, nəyi? Nə baş verib? Dedi ki, hazırlaş, Parisə gedirik. Bir neçə dəqiqə susdum. Sadəcə, şok yaşadım. Çünki bunu gözləmirdim. Heç düşünməzdim ki, belə bir şey baş verə bilər. Əslində belə halların olduğunu eşitmişdim. Amma bunun mənimlə bağlı baş verməsi gözlənilməz idi”.
O, hələ də lisenziya qazandığını tam olaraq dərk etmədiyini vurğulayıb: “Gedirəm bu xəbəri valideynlərimə deyim. İndiyə kimi, sadəcə, şokda idim. Sevinc hissləri, göz yaşları... Bu çox böyük şans və fürsətdir. Hər kəsə minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, bu kvotanı mənə ayırdılar. Bu, mənim üçün real görünmürdü. İndi isə planım Parisi fəth etməkdir”.
A.Başta artıq Olimpiadanın hazırlıqlarına başladıqlarını söyləyib: “İndi bizdə məşqçilərlə fövqəladə yığıncaq, müşavirə gedir. Nəyi və necə edəcəyimizi danışırıq. Hələ tam reabilitasiya keçməliyəm. İndi keyfiyyətli tibbi yardıma ehtiyacım var. Məşqlərimi harada və necə keçirəcəyimi, nə cür bərpa olunacağımı müzakirə edəcəyik. Düşünürəm ki, bu qısa müddət ərzində olacaq. Əslində artıq hər şey qaydasındadır. Çoxdandır, rahat yeriyirəm. Heç bir ciddi zədəm qalmayıb. Adi idmançı zədələridir. Buna görə də reabilitasiya keçməliyik. Bu isə adi insanda olduğu kimi bir neçə həftə çəkməyəcək. Təkrar zədələr olmasın deyə, reabilitasiyanı 2-3 dəfə daha çox keçməliyik”.