SİYASƏT
Səudiyyə Ərəbistanı və Bəhreyn mediası Azərbaycanın Müstəqillik Günündən yazıb
![](/files/galleryphoto/2024/2/1200x630/17169838346008648546_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169838343758857554_1200x630.jpg)
Bakı, 29 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının nüfuzlu “Əl Cəzirə” və Bəhreynin “The Daily Tribune – News of Bahrain” qəzetlərində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, ərəb və ingilis dillərində dərc olunmuş məqalədə İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 106-cı ildönümünün qeyd edildiyi, bu mütərəqqi dövlətin xalq hakimiyyəti, insanların bərabərliyi, irqi, dini, etnik, sinfi prinsiplər əsasında qurulduğu, bütün vətəndaşlar üçün eyni hüquqları təmin etdiyi vurğulanıb. Müəllif qeyd edib ki, Cümhuriyyətin böyük geosiyasi çətinliklərlə üzləşməsinə baxmayaraq, mütərəqqi islahatlar həyata keçirilib, o cümlədən bir sıra Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verilib, həmçinin parlament, Milli Ordu yaradılıb, müttəfiq dövlətlərin liderləri ilə danışıqlara başlanılıb. 1920-ci il yanvarın 11-də keçirilən Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınıb.
Yazıda qeyd edilib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycana qarşı Ermənistanın təcavüzü başlayıb və ərazilərimizin 20 faizi işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Belə ağır dövrdə xalq Ümummilli Lideri Heydər Əliyevə müraciət edərək, onu ölkəni xilas etməyə çağırıb və dahi siyasətçinin səyləri ilə Azərbaycan qısa müddətdə yeni inkişaf dövrünə qədəm qoyub.
Məqalədə Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi islahatlar, “Əsrin müqaviləsi”, nəhəng transmilli neft-qaz və kommunikasiya layihələri barədə ətraflı məlumat verilib. Müəllif, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirakından, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsindən, İslam Əməkdaşlıq Təşkilatının işinə töhfəsindən də geniş bəhs edib.
Yazıda diqqətə çatdırıb ki, məhz dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində ordumuz Vətən müharibəsində, cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin edib, daha sonra ölkənin tam suverenliyi bərpa olunub.
Müəllif qeyd edib ki, Azərbaycanın bu il COP29 iqlim konfransı kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi də Prezident İlham Əliyevin müdrik siyasətinin təzahürüdür.