SİYASƏT
AĞCABƏDİ RAYONUNDA SEÇKİLƏRƏ HAZIRLIQ DİQQƏT MƏRKƏZİNDƏDİR
Ağcabədi rayonunda prezident seçkilərinə hazırlıq diqqət mərkəzindədir. Bu mühüm siyasi kampaniya ilə əlaqədar bir sıra işlər görülmüş, tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında YAP ərazi seçki qərargahları üzvlərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov seçkilərin demokratik və şəffaf keçirilməsi üçün ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, YAP ərazi seçki qərargahlarının qarşısında duran vəzifələrdən danışmış və müvafiq tövsiyələr vermişdir.
Seminar-müşavirədə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsini sürətləndirmək, əhalinin qeydiyatı, xüsusən də Rusiya Federasiyasında və başqa yerlərdə müvəqqəti yaşayan, hərbi xidmətdən qayıdan gənclərin, ali və orta ixtisas məktəblərində əyani təhsil alan tələbələrin qeydiyyata alınması və digər məsələlər müzakirə edilmişdir.
Seminar-müşavirədə çıxış edən digər natiqlər seçkilərə hazırlıq prosesində müşahidə olunan nöqsanlardan bəhs etmiş, onların aradan qaldırılması yolları barədə təkliflərini vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.