Ağcabədi sakinləri qanvermə aksiyasına qoşulublar
Ağcabədi, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Ağcabədi rayonu sakinləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Rayon icra hakimiyyətinin və digər idarə, müəssisələrin əməkdaşları, habelə sıravi vətəndaşlar qanvermə aksiyasında fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib. Mərkəzi Qan Bankının Bərdə regional bölməsinin peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 90 nəfər qan verib. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.