REGİONLAR
Ağcabədidə fəal gənclər mükafatlandırılıb
Ağcabədi, 3 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəal iştirak edir, vətənimizin çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ağcabədi şəhərində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıblar. Rayonun ictimai həyatında, təhsildə və idmanda fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim edilib. Tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin gənc istedadların iştirakı ilə hazırladığı əyləncəli konsert proqramı ilə başa çatıb.