Ağcabədidə “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II Respublika elmi konfransı keçirilmişdir
Ağcabədi, 15 noyabr (AZƏRTAC). Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II Respublika elmi konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Qarabağ folklorunu, milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarını bir araya gətirmək, onların tədqiqatlarını və fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.
Konfransın açılışında çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlu və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Qarabağ bölgəsinin folklor nümunələrinin toplanmasının və konfransın əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, folklor və mədəniyyət beşiyi olan Azərbaycanın Qarabağ bölgəsi 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Bu bölgənin maddi-mədəniyyət abidələri erməni işğalçıları tərəfindən məhv edilmiş, yüz minlərlə insan doğma yurdundan didərgin düşmüşdür. Lakin bütün çətinliklərə baxmayaraq məcburi köçkünlər folklorumuzu, mənəvi mədəniyyətimizi yaddaşlarında yaşatmaqdadırlar.
Diqqətə çatdırılmışdır ki, 2012-ci ildə Folklor İnstitutunun bir qrup əməkdaşı bölgə sakinlərinin məskunlaşdığı ərazilərə ezam edilmiş, toplanmış folklor nümunələrindən ibarət üç kitab çap olunmuş, Qarabağ musiqi folklorunu əks etdirən xüsusi albom buraxılmışdır. İnstitut “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsi çərçivəsində başladığı işləri 2013-cü ildə də davam etdirmişdir. “Qarabağ: folklor da bir tarixdir” adlı çoxcildliyin 4-cü, 5-ci və 6-cı cildləri çapdan çıxmış, Qarabağ bölgəsinə məxsus müxtəlif mərasimlər, xalq oyunları və meydan tamaşaları video-lentə alınmışdır.
Konfrans “Yusif Vəzir Çəmənzəminli” və “Üzeyir Hacıbəyli” bölmələri üzrə davam etdirilmişdir.
Tədbirdə “Qarabağ folklorunun linqvokulturoloji aspektləri”, “Qarabağ folklorunda I Şah Abbas”, “Qarabağ folklorunun müasir vəziyyəti”, “Qarabağın elat dünyası”, “Məmməd Araz poeziyasında Qarabağ folkloru”, “Qarabağın mərasim folkloru” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.