Ağcabədidə Üzeyir Hacıbəylinin anadan olmasının 128 illiyi münasibətilə tədbir keçirilmişdir
Ağcabədi, 12 noyabr (AZƏRTAC). Ağcabədi rayonunun Təzəkənd kənd tam orta məktəbində görkəmli bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 128 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təhsil və mədəniyyət işçilərinin, şagirdlərin, musiqisevərlərin iştirak etdikləri tədbir musiqisi Ü.Hacıbəyliyə məxsus olan Azərbaycan Dövlət Himninin ifası ilə başlanmışdır.
Tədbirdə çıxış edənlər korifey sənətkarın həyat və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, Şərqdə operanın, operettanın əsasını qoymuş, xor və simfonik orkestri yaratmış, dünya musiqi xəzinəsini əbədiyaşar əsərləri ilə zənginləşdirmişdir. Üzeyir bəy dahi bəstəkar, musiqişünas alim olmaqla yanaşı eyni zamanda ictimai xadim, publisist, dramaturq və pedaqoq kimi də fəaliyyət göstərmişdir.
Tədbirdə məktəbin şagirdləri Üzeyir Hacıbəylinin felyetonlarından və əsərlərindən nümunələr səsləndirmişlər. İfa olunan mahnı və romanslar, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından parçalar tamaşaçılara xoş təsir bağışlamışdır.