REGİONLAR
Ağdam-Füzuli avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Füzuli, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Fərid Qədirov deyib.
Onun sözlərinə görə, uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Avtomobil yolunun üzərində 5 ədəd körpü, 2 ədəd yolötürücü layihələndirilib. Artıq 1 yolötürücü və 2 körpünün tikintisi başa çatdırılıb, tamamlanma işləri aparılır. Digər körpülərin tikintisi isə davam etdirilir.
Torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri görülür. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.