Ağdam rayonunun Quzanlı kəndində müasir tələbata cavab verən heyvan kəsimi məntəqələri fəaliyyət göstərəcək
Bakı, 6 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və “ABAD" Publik Hüquqi Şəxsin birgə layihəsi olan “Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi” layihəsinin ikinci mərhələsi başlanılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ikinci mərhələ “ABAD”çıların seçimindən ibarətdir. Beləliklə, Qarabağ iqtisadi rayonu (xüsusilə, Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs ABAD-ın rəsmi saytında yaradılmış ABAD-çı ol funksiyası vasitəsilə müraciət edə bilər.
Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə ABAD-çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstəriləcək. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.
Xatırladaq ki, heyvan kəsimi məntəqəsi həmin ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. Məntəqə zoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına kömək göstərəcək.