Ağdamda dəyirmi masa: “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi”
Ağdam, 2 fevral, AZƏRTAC
Ağdam rayon Heydər Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi, Ağdam rayon Heydər Əliyev Mərkəzi, Gənclər və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, təhsil sektorunun, 2 saylı Peşə Məktəbinin nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin gənclərə həmişə yüksək diqqət və qayğı göstərməsindən, gənclərlə bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirməsindən, Azərbaycanda dövlət gənclər siyasətinin təməlinin Ulu Öndər tərəfindən qoyulmasından və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıb.
Rayon icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər və Karyera Mərkəzinin əməkdaşları və 2 saylı Ağdam Peşə Məktəbinin direktoru gəncləri əlamətdar gün münasibətilə təbrik edib, müasir gəncliyimizin ölkəmizin ictimai-siyasi həyatında rolu və iştirakından söz açıblar.
Dəyirmi masada iştirak edən qazilər torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində keçdikləri döyüş yollarından bəhs edən həyat hekayələrini iştirakçılarla bölüşüblər.
Sonra “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı film nümayiş etdirilib.
Tədbirin ikinci hissəsi Yeni Quzanlı köçkün qəsəbəsində, Ağdam Mərkəzləşdirilmiş Elektron Kitabxanasında davam edib, gənclər oxu zalında Ulu Öndərin həyat yolundan bəhs edən kitablarla tanış olublar.