“Ağıllı” şəhər mühitində fərdi məlumatların təhlükəsizliyi məsələləri
Bakı, 29 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov NATO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransın plenar iclasında çıxış edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Ağıllı” şəhər mühitində fərdi məlumatların təhlükəsizliyi məsələləri” mövzusunda məruzəni təqdim edən M.Həşimov bildirib ki, “ağıllı” şəhər informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilir: “Bu xidmətlərə “ağıllı” evlər, nəqliyyatın intellektual idarəetmə sistemləri, “ağıllı” parkinq, ictimai nəqliyyatın idarəedilməsi, trafik qaydalarının pozulmasına videonəzarət, “ağıllı” işıqlandırma, “ağıllı” sayğac, tullantıların “ağıllı” idarə olunması, ətraf mühitin monitorinqi, “ağıllı” nəzarət sistemi və s. aid etmək olar”.
Məruzəçinin sözlərinə görə, “ağıllı” şəhər mühitində həyat keyfiyyəti ilə məxfiliyə müdaxilə arasında bir tarazlıq var.
M.Həşimov “ağıllı” bir şəhərə doğru irəliləyiş və müxtəlif cihazların gündəlik həyata inteqrasiyası ilə məxfilik problemləri yaradan fərdi məlumatların toplanmasının təbii hala çevrildiyini deyib. Əlavə edib ki, bu məqsədlə də tədqiqat zamanı “ağıllı” şəhər xidmətlərindən istifadə zamanı fərdi məlumatların təhlükəsizliyi məsələləri analiz edilib və bunların müəyyən qədər həllinə kömək edən təkliflər verilib.