Ağstafa rayonunun Saloğlu qəsəbəsində 12 ədəd hərbi sursat aşkarlanıb
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 12 raket (8 ədəd 122 millimetrlik 9M22U raketi və 4 ədəd 200 millimetrlik MD-20F raketi) aşkar olunub. Aşkarlanan sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Həmin sursatların ətrafında 30 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən martın 15-dək, ümumilikdə, 2389 partlamamış hərbi sursat, tank əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 28 min 295 kvadratmetr ərazi yoxlanılıb.