Ağsuda qanvermə aksiyası keçirilib
Ağsu, 14 yanvar, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Milli Hematologiya Mərkəzi Ağsuda qanvermə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə təşkil olunan qanvermə aksiyasında rayon ictimaiyyəti fəal iştirak edib. Rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə təşkil olunan aksiyaya 250 nəfərdən çox könüllü qoşulub. Hərtərəfli müayinədən sonra 150 nəfər könüllü donordan qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.
Rayonun ən ucqar şimal dağ kəndi olan Kalvadan gələrək bu xeyirxah aksiyaya qoşulan məktəb direktoru Elman Əsgərov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Məktəbimizdən 5 nəfər gəlmişik. Talassemiyadan əziyyət çəkən xəstə uşaqlarımız üçün kifayət qədər qan ehtiyatının yaradılmasına kömək hər birimizin borcudur. Bu gün könüllü donorlarımızın mütəşəkkilliyini görəndə millətimizin əsrlərdən bəri yaşadılan gözəl, insani xüsusiyyətləri məni fərəhləndirib”.