Ağsulular qanvermə aksiyasında fəal iştirak ediblər
Ağsu, 16 may, AZƏRTAC
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşulan Ağsu rayonunun sakinləri qanvermə aksiyasında fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə təşkil olunub. Bu xeyirxah çağırışa 250 nəfərə yaxın könüllü qoşulub. Rayon icra hakimiyyəti aparatının kollektivi, səhiyyə, təhsil işçiləri, gənclər daha çox fəallıq göstəriblər. Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin işçiləri hərtərəfli müayinədən sonra 100 nəfərə yaxın könüllü donordan qan götürüblər. Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək. Müşfiq Musayev adına İlxıçı kənd tam orta məktəbin müəllimi Şəkurə Niftəliyeva AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Dünyamızı bürüyən koronavirus pandemiyasının hökm sürdüyü bir vaxtda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xəstə uşaqlarımız üçün kifayət qədər qan ehtiyatının yaradılması məqsədilə çağırışı böyük xeyirxahlığın bariz nümunəsidir. Hamımız bu humanist çağırışa qoşulmalıyıq. Bu gün buraya gələn könüllü donorlarımızın mütəşəkkilliyini görəndə millətimizin əsrlərdən bəri yaşadılan gözəl, insani xüsusiyyətləri məni fərəhləndirib”.