Aİ ölkələrinin liderləri artan enerji qiymətlərini və COVID-19-u müzakirə edəcəklər
Roma, 21 oktyabr, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları oktyabrın 21-22-də başda enerji qiymətlərindəki kəskin artım və yeni növ koronavirus epidemiyası olmaqla, ticarət, qanunun aliliyi, iqlim dəyişiklikləri və miqrasiya kimi mövzuları müzakirə etmək üçün Brüsseldə toplaşacaqlar.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də iştirak edəcəyi ikigünlük sammitdə liderlər enerji qiymətlərini, artan təbii qaz və elektrik enerjisi qiymətləri fonunda vətəndaşlar və müəssisələr üçün hansı dəstək mexanizmlərinin həyata keçiriləcəyini müzakirə edəcəklər.
Bundan başqa, COVID-19 pandemiyası ilə bağlı mövcud epidemioloji vəziyyət nəzərdən keçiriləcək. Aİ-də əhalinin peyvənd olunma nisbətinin 75 faizdən çox olmasına baxmayaraq, bəzi üzv ölkələrdə virusa yoluxma sayının artması narahatlıq yaradır. Həmçinin azgəlirli ölkələrə göndərilən peyvəndlərin sayının artırılması əsas müzakirə mövzusu olacaq.
Zirvə toplantısında ticarət strategiyası, iqlim dəyişikliyi, miqrasiya və rəqəmsal transformasiya kimi mövzular da nəzərdən keçiriləcək.
Qeyd edək ki, bu zirvə toplantısı Almaniya Kansleri Angela Merkelin iştirak edəcəyi Aİ liderlərinin sonuncu görüşü olacaq. A.Merkel hakimiyyətdə olduğu 16 il ərzində 107 dəfə Aİ Liderlərin Sammitinə qatılıb.
Bu sammitin sonunda liderlərin A.Merkellə vidalaşmaq üçün birgə şəkil çəkdirmələri gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma