İQTİSADİYYAT
AİB-in missiyası Azərbaycanın bank sektorunu qiymətləndirir
Bakı, 19 oktyabr (AZƏRTAC). Asiya İnkişaf Bankının (AİB) missiyası AİB-in özəl banklara ayırdığı kreditlərin qiymətləndirilməsi və yeni kreditlərin verilməsinin mümkünlüyünü araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdədir.
AİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, missiya Asiya İnkişaf Bankından kredit almış özəl bankların nümayəndələri ilə görüşəcək və onların kreditləri necə idarə etdiklərini qiymətləndirəcəkdir. Missiya Azərbaycanda kiçik və orta sahibkarların və özəl sektorun dəstəklənməsi məsələsində kreditlərin nə dərəcədə səmərəli olduğunu da dəyərləndirəcəkdir. AİB-in Azərbaycanda özəl sektora kreditlər ayırmasını genişləndirmək üçün qurumun ekspertləri Azərbaycanın bank sektorunu diqqətlə araşdıracaqdır.
AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono demişdir: “AİB-in əsas məqsədi ekoloji cəhətdən davamlı, hərtərəfli inkişafı və regional inteqrasiyanı stimullaşdırmaqla yoxsulluğu azaltmaqdır. Biz özəl sektoru Asiyada dəyişiklikləri həyata keçirəcək əsas qüvvə kimi görürük. Bu səbəbdən Azərbaycan da daxil olmaqla özəl sektorun inkişafdakı rolunu artırmaq üçün bank sektorunun gücləndirilməsi olduqca vacibdir. Biz məhz burada səmərəli şəkildə töhfələrimizi verə bilərik”.
Missiya işini oktyabrın 22-də başa vuracaqdır.