Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
Xaçmaz, 6 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 6-da Xaçmazda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yuxarı sinif şagirdləri arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan məqalə müsabiqəsi aprel ayı ərzində Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz məktəbliləri arasında təşkil olunub.
“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusundakı müsabiqənin mükafatlandırma mərasimindən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqə 2009-cu ildən etibarən hər il keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.
Tədbirdə Ulu Öndərin Azərbaycanda qadın hərəkatının inkişafına, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə hər zaman xüsusi önəm verdiyi diqqətə çatdırılıb, həmçinin qadınların ictimai-siyasi fəallığının artırılmasında qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolunun artırılması, onların ictimai-siyasi proseslərdə daha yaxından iştirakının, gender bərabərliyinin təmin olunması, dövlət idarəçiliyində və seçkili orqanlarda təmsilçiliyinin artması ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətinin bariz nümunəsidir.
“Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev müxtəlif sahələrdə çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüququnun qorunmasında köməyini əsirgəməmişdir. O, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib, onların cəmiyyətdə fəal iştirakına böyük əhəmiyyət verirdi”, - deyə Hicran Hüseynova bildirib.
Müsabiqənin birinci mərhələsində hər rayon üzrə ilk üç yerin qalibi müəyyənləşdirilib və məqalələr Komitəyə göndərilib. Bundan sonra Komitə tərəfindən 5 rayondan daxil olan inşa yazılarının arasından region üzrə qaliblər seçilib.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimin sonunda müsabiqə qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar. Birinci yeri Lalə Qocayeva (Xaçmaz), ikinci yeri Aynur Orucova (Siyəzən) üçüncü yeri isə Türkan Quliyeva (Şabran) qazanıb.
Tədbirdə məktəblilər ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.