Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib
Şirvan, 5 aprel, Mahir Babayev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova aprelin 5-də Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda Şirvan şəhər, Neftçala, Salyan, Cəbrayıl, Saatlı, Sabirabad, Hacıqabul, Füzuli və İmişli rayonlarından olan sakinlər iştirak edib.
Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və sair kimi məsələlərə baxılıb.
Komitə sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında şəhər və rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, Şirvan şəhərində baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, müraciətləri qeydə alınıb.
Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Sonra Komitə sədri Hicran Hüseynova şəhərin bir qrup fəal qadını ilə görüşüb. Görüşdə Şirvan şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.