Akademik Muxtar İmanov: Vətən müharibəsində qazanılan Qələbə xalqın itən ümidinin qayıtmasına səbəb oldu
Bakı, 4 noyabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunda “Tariximizin şanlı qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. Öncə Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Muxtar İmanov bildirib ki, 8 Noyabr - Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb. O, Prezident İlham Əliyevin qələbədən sonrakı çıxışlarının hər bir kəsin əhval-ruhiyyəsinə, nitqinə, davranışına təsirindən söz açaraq deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqın itən ümidinin, azalmış qürurunun qayıtmasına səbəb olub.
Yığıncağa qonaq qismində dəvət edilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə nümayəndəsi və Nəsimi rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli, polkovnik Elmar Hüseynov çıxışında ötən əsrin 90-cı illərində Azərbaycan dövlətinin və ordusunun ağır sınaqlar yaşadığını görüş iştirakçılarının diqqətinə çatdırıb. O, xüsusi təyinatlı polis dəstəsinin üzvü kimi 1990-cı ilin noyabr ayından Şuşa şəhərində başladığı hərbi xidmətdən, Xocalı aeroportunun düşməndən azad edilib Azərbaycanın tabeliyinə keçirilməsində döyüş yoldaşları ilə birgə göstərdikləri şücaətlərdən geniş söz açıb. Veteran hərbçi çıxışı zamanı Azərbaycan dövlətinin bu gün orduya göstərdiyi qayğıdan bəhs edib.
Sonra tədbir iştirakçıları polkovnik E.Hüseynova suallar ünvanlayıblar.
Akademik Muxtar İmanov qonağa xalq musiqisi ilə bağlı Folklor İnstitutunun buraxdığı diskləri təqdim edib.