Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
Bakı,12 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün yay düşərgəsi təşkil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, A.Makarenko adına Humanitar fənlər təmayüllü respublika gimnaziyasında keçirilən yay düşərgəsi çərçivəsində şagirdlər üçün müxtəlif maarifləndirici, əyləncəli və inkişafyönümlü fəaliyyətlər təşkil edilib. Proqram komanda işi üzrə interaktiv məşğələləri, nümunəvi fəaliyyəti ilə seçilən uğurlu gənclərlə motivasiya görüşlərini, dəniz gəzintisini, idman oyunlarını və əyləncəli tədbirləri əhatə edib.
Düşərgə müddətində iştirakçılar müxtəlif fəaliyyətlər vasitəsilə öz bacarıq və potensiallarını nümayiş etdirməklə yanaşı, yeni dostluq əlaqələri qurmaq imkanları da əldə ediblər. Təşkil olunan tədbirlər şagirdlərin yaradıcılıq qabiliyyətlərinin, təşəbbüskarlıq və əməkdaşlıq bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində əsas məqsəd yeni təmayül tədris modeli çərçivəsində təhsil alan şagirdlərin hərtərəfli inkişafına, onların sosial fəallığının artırılmasına, liderlik bacarıqlarının formalaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət və əməkdaşlıq vərdişlərinin gücləndirilməsinə təkan verməkdən ibarətdir.