AKİA sədri Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Bakı, 7 iyun, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən heyvan (buzov) subsidiyası, güzəştli şərtlərlə kreditlərin verilməsi və digər məsələlərlə bağlı olub.
AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Vətəndaş görüşündən sonra yerli təsərrüfatlara baxış keçirilib. Əvvəlcə Seymur Mövlayev iribuynuzlu heyvandarlıq təsərrüfatında mövcud şəraitlə tanış olub, dövlət dəstəyi ilə alınan heyvanların artırılması və təsərrüfatın daha da inkişaf etdirilməsi üçün öz tövsiyələrini verib.
Sonra AKİA sədri yeni salınan zeytun bağına baş çəkib, burada fermerin ehtiyacları ilə maraqlanıb və əlavə dövlət dəstəyi mexanizmlərindən danışıb.