CƏMİYYƏT
AKTİ-nin sədri: Azərbaycanda bu il könüllülük hərəkatı daha da genişlənib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan könüllülük hərəkatı 2024-cü ildə bir çox mühüm strateji məqsəd və fəaliyyətlərə imza atıb. İttifaqın yaranmasından bəri daha məqsədyönlü və nəticəyönümlü fəaliyyətlər həyata keçirilməkdədir. Cari il ərzində İttifaqın strateji məqsədləri arasında könüllülük fəaliyyətlərinin institutlaşdırılması və könüllü təşkilatlarının dəstəklənməsi mühüm yer tutub. İl ərzində 60 mindən çox könüllü fəaliyyət göstərib və ölkəmizdə könüllülük hərəkatı daha da genişlənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
Azərbaycan könüllülük hərəkatının strateji fəaliyyətlərindən danışan V.Əliyev qeyd edib ki, bu il keçirilən növbədənkənar prezident və parlament seçkiləri zamanı könüllülər Bakı şəhərində və işğaldan azad olunmuş ərazilərdə müşahidəçi qismində iştirak ediblər: “Azərbaycan könüllüləri Prezident İlham Əliyevin çağırışına əsasən, milli kimliyin formalaşdırılması və ideoloji hazırlığın artırılması istiqamətində müxtəlif dövlət rəsmiləri ilə əməkdaşlıq edib, vətəndaş məsuliyyəti barədə təbliğat aparıblar. Bundan əlavə, yerli və beynəlxalq layihələrdə iştirak da genişlənib. İttifaq xarici ölkələrdə könüllü bazar proqramları təşkil edərək altı ölkədə 19 beynəlxalq layihədə təmsil olunub. Eyni zamanda, gömrük sahəsində beynəlxalq əməkdaşlıqların genişləndirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb”.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində könüllülərin fəaliyyəti və rolu xüsusi önəm daşıyıb. İttifaqın 2024-cü il üçün strateji məqsədinə uyğun olaraq, könüllülük hərəkatının inkişafı və qlobal səviyyədə təsirinin artırılması üçün 5 min könüllüyə çatacaq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycan könüllüləri fəal iştirak ediblər. Bu fəaliyyətlər bir daha Prezident tərəfindən yüksək qiymətləndirilib, - deyə V. Əliyev əlavə edib.