SİYASƏT
Aleksandr Merejko: 2020-ci il Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçün çox uğurlu olub
Kiyev, 28 dekabr, AZƏRTAC
Başa çatmaqda olan il Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün çox uğurlu olub. Əvvələn, “Ukraynanın milli-təhlükəsizlik strategiyası” kimi mühüm sənəddə Azərbaycanın bizim strateji tərəfdaşımız olması rəsmən qeyd edilib. Hər iki dövlət ərazi bütövlüyünün təmin edilməsi məsələsində bir-birinə diplomatik və siyasi dəstək verməyi davam etdirir. Məsələn, Ukrayna əsla şübhə etmir ki, Qarabağ Azərbaycan ərazisinin ayrılmaq hissəsidir.
Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri Komitəsinin sədri Aleksandr Merejko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
İkincisi, onun sözlərinə görə, Ukrayna nümayəndələri Azərbaycanın öz ərazilərini işğaldan azad etmək və Qarabağ üzərində suverenliyini tam bərpa etmək hüququnu dəstəkləyiblər. Bu barədə, məsələn, Avropa Şurası Parlament Assambleyasının iclasında söhbət olub.
Üçüncüsü, Ukrayna ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox dinamik şəkildə inkişaf edib.
A.Merejko daha sonra deyib: “Beləliklə, biz 2021-ci ilə nikbin baxırıq və əminik ki, pandemiyaya, onun doğurduğu iqtisadi problemlərə baxmayaraq, ölkələrimiz arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev