Aleksandr Vasilyev: “Gömrük xidmətləri arasında qarşılıqlı əlaqələr müvəffəqiyyətli işin rəhnidir”
Bakı, 7 noyabr (AZƏRTAC). Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Gömrük Xidmətlərinin Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələrinin Başçıları Komitəsinin X yubiley iclası keçirilmişdir. İclasın proqramı çox zəngin olmuşdur.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, MDB üzvü olan dövlətlərin Gömrük Xidmətlərinin Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələrinin Başçıları Komitəsinin sədri Aleksandr Vasilyev jurnalistlərə verdiyi müsahibədə bildirmişdir.
O demişdir ki, iclasda qaçaqmalçılığa, narkotik vasitələrə qarşı mübarizənin təşkili məsələləri, gömrük təhqiqatının aparılması, kinologiya problemləri haqqında məruzələr dinlənilmişdir. Gömrük xidmətlərinin hüquq mühafizə bölmələrini narahat edən məsələlər də müzakirə olunmuşdur. Bu məsələlərin müzakirəsi gömrük xidmətlərinin işinin nəticələrinə və təşkilinə müsbət təsir göstərir.
Aleksandr Vasilyev iclasın Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevə minnətdarlığını bildirərək qeyd etmişdir ki, bir çox ölkələr üçün aktual məsələlərin müzakirə olunduğu belə görüşləri müntəzəm sürətdə, çoxtərəfli və ikitərəfli formatlarda keçirmək lazımdır.
A.Vasilyev demişdir ki, gömrük xidmətləri arasında qarşılıqlı əlaqələr müvəffəqiyyətli işin rəhnidir, belə ki, tərəflər arasında informasiya mübadiləsi aparılır, birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilir, cinayətlər araşdırılır. Belə tədbirlər olmadan gömrük xidmətlərinin fəaliyyətini mükəmməl hesab etmək olmaz. Buna görə də cinayətlərin, cinayət sxemlərinin, gömrük ödənişlərindən yayınma hallarının aşkara çıxarılmasında hüquq-mühafizə bölmələri əsas rol oynayır və onların fəaliyyəti gömrük ödənişlərinin artması və dövlət büdcələrinin formalaşması üçün çox faydalıdır.