SİYASƏT
ALİ MƏHKƏMƏNİN PLENUMUNUN İCLASI
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Südabə Həsənovanın sədrliyi ilə Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilmişdir.
Plenumda “Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisələrinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında” məsələlər müzakirə edilmişdir.
Həmin məsələlər barədə Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə məruzə etmişdir.
Müzakirələrdə Azərbaycan Rezspublikası Apellyasiya Məhkəməsinin kollegiya sədri İlham Həsənov, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri Mahmud Nəbiyev, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri İkram Kərimov, Səbayil rayon məhkəməsinin sədri İnqilab Nəsirov, Əzizbəyov rayon məhkəməsinin hakimi Ziya Əliyev, Ədliyyə Nazirliyi qanunvericilik idarəsinin rəis müavini Sübhü Kazımov və Baş prokurorun müavini Eldar Nuriyev çıxış etmişlər. Müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul olunmuşdur.
Plenumda konkret cinayət işləri üzrə əlavə kassasiya protestləri və şikayətlərinə, Ali Məhkəmə sədrinin mülki işlər üzrə təqdimatlarına da baxılmışdır.
Plenumun işində Ədliyyə Nazirliyinin idarə rəisi, baş ədliyyə müşaviri D.Rəhimova, Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvləri iştirak etmişlər.
Ali Məhkəmənin
mətbuat xidməti