ALİ MƏHKƏMƏNİN YIĞINCAĞINDA PREZİDENT FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
Yığıncağı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin Fərmanı məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafı şəratində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılmasını, vətəndaşların narazılığına səbəb olan sui-istifadə və süründürməçilik hallarının aradan qaldırılmasını, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasını, habelə digər mühüm məsələlərin həllini nəzərdə tutur. Bakı, Gəncə, Sumqayıt, Şəki və Əli Bayramlı şəhərlərində apellyasiya məhkəmələri, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsi, 2 saylı Bakı yerli iqtisad məhkəməsi, Sumqayıt və Şəki yerli iqtisad məhkəmələri yaradılmışdır.
Bundan əlavə, 1 saylı yerli iqtisad məhkəməsi 1 saylı Bakı yerli iqtisad məhkəməsi, 2 saylı yerli iqtisad məhkəməsi Gəncə yerli iqtisad məhkəməsi, 3 saylı yerli iqtisad məhkəməsi Əli Bayramlı yerli iqtisad məhkəməsi adlandırılmışdır.
Bu məhkəmələrin təşkili regionlarda yaşayan vətəndaşların yaşayış yerlərinə yaxın məhkəmələrə müraciət etmələrinə şərait yaradacaqdır.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycan Prezidentinin məlum Fərmanı təkcə məhkəmələrin işini deyil, həmçinin regionlarda olan idarə, təşkilat və müəssisələrin, hüquq müdafiəçilərinin işini də xeyli yüngülləşdirəcəkdir. Bu Fərman bir daha göstərir ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları demokratik prinsiplərə əsaslanır, Avropa standartlarına tam cavab verir.
Bu gün respublikamız dünya birliyinə inteqrasiya yolunda inamla addımlayaraq, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilmiş, hüquqi, demokratik dövlət quruculuğu sahəsində uğurlu nəticələr qazanmışdır. Azərbaycan dünya dövlətləri tərəfindən hüquqi dövlət prinsiplərini ardıcıl olaraq həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir.
Yığıncaqda belə bir fikir xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı sayəsinda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların əsas məqsədi ədalət mühakiməsini düzgün həyata keçirmək, qanunun aliliyini təmin etməkdir.
Ali Məhkəmənin sədri yığıncağa yekun vuraraq demişdir ki, kollektiv Prezidentin məlum Fərmanından irəli gələn vəzifələri əzmlə yerinə yetirəcək, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatının strukturunun və işinin daha optimal şəkildə qurulması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.