ALİ MƏKTƏBLƏRƏ I İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün ölkənin ali məktəblərinin I ixtisas qrupuna və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinin müvafiq ixtisas qrupuna iyulun 8-də keçirilən qəbul imtahanının nəticələri iyulun 10-da saat 18.30-da TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahanda 35 min 219 abituriyent iştirak etmişdir.
Test imtahanının nəticəsinə əsasən 8 min 565 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanmışdır (Azərbaycan bölməsi üzrə 7347, rus bölməsi üzrə 1218 nəfər).
Azərbaycan bölməsində 76, rus bölməsində isə 8 abituriyent 650-700 bal arasında nəticə göstərmişdir.
İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaqdır. Qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaqdır. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc ediləcəkdir.