ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ IV İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANLARI KEÇİRİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası ali məktəblərinin IV ixtisas qrupuna, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə (Bakı şəhəri), Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) və Orta Hərbi Tibb Məktəbinə iyulun 20-də qəbul imtahanları keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda 17 mindən çox abituriyent iştirak etmişdir. Bu ixtisas qrupu üzrə 3 min 459 plan yeri nəzərdə tutulmuşdur (Azərbaycan bölməsi üzrə 2 min 48, rus bölməsi üzrə 316 və birgə müsabiqə aparılan ixtisaslar üzrə 1095 yer).
Test imtahanının nəticələri müəyyən olunmuş vaxtda TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaqdır. Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyent “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləyənədək, öz ərizəsinə təkrar müraciət etməklə, seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər (ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur).
Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda internetlə orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc ediləcəkdir.