ALİM ÖMRÜNÜN MÜDRİK ÇAĞI
Kavus Pənahi deyir ki, atam yazıçı olsa da, övladlarına həmişə mühəndislik sənətini seçməyi tövsiyə edərdi. Mən də onun arzusu ilə mühəndis oldum. Özümə elmin geologiya-mineralogiya sahəsini seçdim. Bu sahədə uğurlarıma görə müəllimlərim, elmi rəhbərlərim, alim dostlarımla bərabər atama minnətdaram.
Kavus Pənahi onu tanıyanlar üçün təkcə elm adamı deyil, həm də nəcib ziyalı, xeyirxah insan, gözəl ailə başçısıdır. Kavus müəllimin anasına övladlıq, qardaşına qardaşlıq borcunu onların ömrünün sonunadək necə ləyaqətlə, diqqət və qayğı ilə yerinə yetirməsi dostların, tanışların məclislərində, evlərində daim xatırlanır.
Müəllimdən, elmi rəhbərdən, elmdən söhbət düşəndə Kavus Pənahi ömrünün ahıl çağında da iftixar hissi ilə deyir:
- Bəxtim təkcə məşhur yazıçı Abbas Makulu Pənahinin övladı olmaqda deyil, həm də geologiya-mineralogiya elminin sirlərini görkəmli alimlər - İbrahim Şirvanzadədən, Mixail Kalqanovdan öyrənib mənimsəməyimdə gətirmişdir. Aspiranturanı bu məşhur alimlərin rəhbərliyi ilə başa vurub namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi aldığım vaxtdan çox illər keçsə də, o anlara aid xatirələrin işığı ömür yolumu həmişə çıraqban etmişdir.
Kavus Pənahi geologiya elminin çətin sahələrindən olan “şpinelidlər” ailəsinə mənsub titanlı maqnetitlərin tədqiqi sahəsində böyük uğurlar qazanmışdır. Kiçik Qafqazın şimal-şərq yamacında lay şəklində yayılmış titanlı maqnetit yataqları haqqında ilk elmi fikirlər məhz K.Pənahiyə məxsusdur. Alim dövlətimizin başçısı İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi islahatları nəzərə alaraq, Azərbaycanda titanlı maqnetit yataqlarında xammal ehtiyatlarının axtarışının elmi əsasları üzərində işi başa çatdırmaq üzrədir. Kavus Pənahi iki elmi monoqrafiyanın həmmüəllifi, 68 elmi əsərin, bir sıra elmi məqalələrin müəllifidir.
Görünür ki, ədəbi yaradıcılıq Pənahilər üçün irsi amildir. Kavus müəllim ömrünü geologiya elminin inkişafına həsr etsə də, ədəbi yaradıcılıqda da özünü sınamışdır. O, qardaşı Məsud Pənahi ilə birlikdə Azərbaycan yazıçısı Əsəd bəyin XX əsrin əvvəllərində erməni daşnakların Bakıda və respublikamızın digər bölgələrində törətdikləri vəhşiliklərdən bəhs edən, 1930-cu ildə Berlin şəhərində çapdan çıxmış “Şərqdə neft və qan” əsərini almancadan Azərbaycan dilinə çevirərək oxucuların mühakiməsinə vermişdir.
Kavus müəllim ömrünün müdrik çağlarını yaşayır. Əminik ki, bu müdriklik ona elmdə yeni uğurlar qazandıracaq, dostların yanında daha da başıuca edəcəkdir. Bu əziz günlərdə dostum və qardaşım Kavusun ömrünün 70-ci baharına mübarək deyirəm.
Musa Məmmədov
Geologiya-mineralogiya elmləri doktoru,
professor