Alim zəhmətinin bəhrəsi
NDU-nun rektoru Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir
Naxçıvan, 12 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.
İnstitutun prezidenti Evans tərəfindən imzalanmış diplomda deyilir: “Amerika Bioqrafiya İnstitutunun rəhbərliyi tərəfindən akademik İsa Həbibbəylinin çoxcəhətli fəaliyyəti araşdırılaraq cəmiyyətə mühüm elmi və mədəni uğurlar təqdim etdiyinə, elm sahəsində böyük nailiyyətlər qazandığına görə o, görkəmli alim kimi institutun akademiki seçilmişdir”.
Milli Məclisin deputatı, görkəmli elm xadimi, çoxsaylı elmi əsərlərin müəllifi akademik İsa Həbibbəyli səmərəli və məhsuldar elmi fəaliyyətinə görə dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. 2003-cü ildən AMEA-nın həqiqi üzvü kimi fəaliyyət göstərir, nüfuzlu beynəlxalq elmi təşkilat və qurumlarda ölkəmizi layiqincə təmsil edir. 1999-cu ildə Türkiyənin Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2008-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı Yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik elmi nailiyyətlərinə görə 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülmüş, müxtəlif vaxtlarda BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindən “İnformasiya aləminin elitası”, “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri” mükafatları, “Elmi istiqamətin rəhbəri” medalı ilə təltif olunmuşdur.
İsa Həbibbəylinin rektorluq etdiyi Naxçıvan Dövlət Universiteti son 15 ildə Azərbaycanda elmin, təhsilin tərəqqisinə göstərilən yüksək dövlət qayğısından bəhrələnərək hərtərəfli inkişaf etmiş, müasir tipli bir universitet kimi formalaşmış, ölkənin qabaqcıl ali məktəblərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, dünya elm, təhsil sisteminə uğurla inteqrasiya edən bu ali məktəb elmin, təhsilin və yeni texnologiyaların tətbiqinin inkişafındakı mühüm nailiyyətlərinə görə 2009-cu ildə Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının “Minilliyin universiteti” adlı beynəlxalq mükafatına layiq görülmüş, Asiya Universitetləri Assosiasiyasının və Avropa Rektorlar Klubunun üzvü seçilmişdir.
######
![]() |
![]() |

