ALİMLƏR GÜNÜN UZUNLUĞUNU 25 SAATADƏK ARTIRMAQ NİYYƏTİNDƏDİRLƏR
1972-ci ildə tətbiq edilən və o zamandan bəri 23 dəfə artırılan uzun saniyə əvəzinə, atom xronometrinin real vaxtı bir saat qabaqlayacağını gözləmək və bundan sonra ildə günün müddətini 25 saatadək uzatmaq təklif olunur. Mütəxəssislərin fikrincə, bu, təxminən XXIII əsrdə baş verə bilər.
Yaponiyanın “Nihon keydzay” qəzetinin yazdığına görə, bu cür islahat onunla bağlıdır ki, vaxtın tez-tez təshih edilməsi telekommunikasiya şirkətləri üçün narahatlıq yaradır və həyatın bütün sahələrində getdikcə daha mühüm rol oynayan elektron cihazların işinin pozulmasına gətirib çıxara bilər. Məsələn, bu, elektron hərracların dayanması ilə nəticələnə bilər. Rəvan vaxt keçidini təmin etmək üçün 2005-ci ildə Yaponiyanın En-Ti-Ti kommunikasiya şirkəti 100 saniyə ərzində onların hər birinə saniyənin yüzdəbiri qədər vaxt əlavə etmişdir.
Gözlənildiyinə görə, yeni qaydalar 2010-cu ilədək razılaşdırılacaq, uzun saniyədən isə qəti şəkildə 2010-cu ildə imtina olunacaqdır.
Saatın təshihinin zəruriliyi onunla bağlıdır ki, Yerin fırlanma sürəti tam 24 saat deyil və Ayın cazibə qüvvəsindən, habelə atmosfer hadisələrindən və planetin daxilində gedən proseslərdən asılı olaraq dəyişir.
Vaxtın sonuncu dəfə sinxronlaşdırılması 7 illik fasilədən sonra ötən il həyata keçirilmişdir. O vaxtadək bu, əslində, hər iki ildən bir baş verirdi.