Almaniya iqtisadiyyatında canlanma ümidləri artır
Berlin, 3 sentyabr, AZƏRTAC
Almaniya iqtisadiyyatı uzunmüddətli durğunluqdan sonra yenidən artım yoluna qədəm qoyur.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ölkənin aparıcı iqtisadi tədqiqat institutları 2026-cı il üzrə artım proqnozlarını əhəmiyyətli dərəcədə yüksəldiblər. Müsbət gözləntilərin əsasını ixracın gözləniləndən yaxşı nəticələri, sənayedə canlanma və dövlətin infrastruktur, iqlim və müdafiə layihələrinə artan xərcləri təşkil edir.
Münxendəki Ifo İnstitutu Almaniyanın ümumi daxili məhsulunun bu il 1,4 faiz, 2027-ci ildə isə 1,2 faiz artacağını proqnozlaşdırır. Halle İqtisadi Tədqiqatlar İnstitutu (IWH) da cari il üçün 1,4 faizlik artım gözlənildiyini açıqlayıb. Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW) proqnozunu 0,8 faizdən 1,3 faizə, Essen İqtisadi Tədqiqatlar İnstitutu (RWI) isə 1,3 faizə yüksəldib. RWI 2027-ci ildə 1,1 faiz, 2028-ci ildə isə 0,5 faiz artım gözləyir.
Canlanmanın əlamətləri artıq statistik göstəricilərdə də görünür. Almaniya iqtisadiyyatı 2026-cı ilin birinci rübündə 0,4 faiz, ikinci rübdə isə 0,3 faiz böyüyüb. Əvvəlki hesablamalarda ikinci rüb üçün daha zəif nəticə nəzərdə tutulmuşdu. İqtisadçılar hesab edirlər ki, bu göstəricilər cari il üçün daha əlverişli başlanğıc bazası yaradıb.
Bununla belə, bərpa hələ kövrəkdir. Yüksək enerji qiymətləri, bürokratik maneələr, zəif rəqabət qabiliyyəti və özəl investisiyaların kifayət qədər artmaması iqtisadiyyat qarşısında ciddi çağırışlar yaradır. Ifo İnstitutu inflyasiyanın 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 3 faiz, 2028-ci ildə isə 2,3 faiz olacağını proqnozlaşdırır. Bu isə Avropa Mərkəzi Bankının 2 faizlik inflyasiya hədəfindən hələ də yüksəkdir.
Ekspertlərin fikrincə, dövlət xərcləri və ixrac iqtisadiyyata mühüm impuls versə də, dayanıqlı artım üçün istehlakın və özəl investisiyaların da canlanması vacibdir. Eyni zamanda, Almaniya şirkətləri Çin müəssisələrinin texnoloji və innovativ rəqabətinin güclənməsi ilə üz-üzədir.