ALMANİYA NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA DANIŞIQLARIN YEKUNLARINDAN RAZI QALMIŞDIR
AZƏRTAC xəbər verir ki, səfir Klaus Qrevlix görüşü açaraq bildirdi ki, Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin Mərkəzi və Şərqi Avropa, Asiya ölkələrindəki səlahiyyətli nümayəndəsi doktor Rayner Gerdelerin başçılıq etdiyi nümayəndə heyətinin apardığı danışıqlar uğurla başa çatmışdır. Danışıqlarda AFR-in maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin yerinə yetirilməsinin gedişinə, habelə iqtisadiyyat sahəsində yeni birgə fəaliyyət planlarının hazırlanmasına dair kompleks məsələlər müzakirə edilmişdir.
K.Qrevlix xatırlatdı ki, indiyədək Almaniya tərəfi Azərbaycana ümumən 303 milyon avro ayırmışdır. Bunun 140 milyonu Avropa Birliyinin yardım proqramı çərçivəsində, 130,3 milyonu ikitərəfli sazişlərə uyğun olaraq verilmişdir. 33 milyon avro isə ikitərəfli texniki əməkdaşlığın inkişafına sərf olunmuşdur.
Rayner Gerdeler iqtisadi inkişaf naziri Fərhad Əliyev ilə görüşlərin yekunlarına toxunaraq vurğuladı ki, yaxın illərdə Almaniya-Azərbaycan münasibətlərinin inkişafında “bazar iqtisadiyyatına və iqtisadi islahatların sürətləndirilməsinə” üstünlük veriləcəkdir.
“Mən danışıqların yekunlarından razı qaldım” - deyən səfir xatırlatdı ki, hökumətlərarası danışıqlar zamanı Azərbaycana maliyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı çərçivəsində 13,83 milyon avro, iki ölkə arasında texniki əməkdaşlığa dəstək kimi isə 5 milyon avro ayrılması haqqında sazişlər imzalanmışdır.