DÜNYA
ALMANİYA QAZAXISTANIN 2009-CU İLDƏ ATƏT-DƏ SƏDRLİYƏ NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR
Bunu AFR-in federal kansleri Gerhard Şröder dekabrın 5-də Qazaxıstan-Almaniya iqtisadi forumunda çıxış edərkən bildirmişdir. AZƏRTAC-ın müxbiri Astanadan xəbər verir ki, o, Qazaxıstanı “Mərkəzi Asiya kimi həyəcanlı regionda sabitlik amili” adlandırmışdır.
Gerhard Şröder demişdir: “Əfqanıstan hadisələri nümayiş etdirdi ki, Mərkəzi Asiyada baş verən hadisələr bütün dünyaya təsir göstərir. Ona görə də bu regionda gedən proseslərə Avropada böyük əhəmiyyət verirlər. Almaniya Qazaxıstan rəhbərliyinin regional əməkdaşlığın genişləndirilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyir”.
O, Qazaxıstanın ATƏT çərçivəsində apardığı işi yüksək qiymətləndirmişdir.