Almaniya şirkəti ilə investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində müzakirələr aparılıb


Bakı, 13 oktyabr, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC bir çox xarici şirkət və investorlarla, xüsusilə Almaniya Federativ Respublikası şirkətləri ilə fəal şəkildə danışıqlar aparır, birgə layihələrin icrası, investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində işlər həyata keçirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının iştirakı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Lingl Anlagenbau GmbH” şirkətinin layihələr üzrə satış meneceri Franco Eustacchio arasında işgüzar görüş olub. Görüşdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus kərpic istehsalı müəssisəsində istehsal gücünün artırılması, effektivliyin yüksəldilməsi, alman nou-hausunun tətbiqi, eləcə də mühəndislik xidmətlərindən istifadə olunma perspektivləri müzakirə edilib.
Sonda “Lingl Anlagenbau GmbH” şirkətinin nümayəndəsinin kərpic istehsalı fabrikinə səfəri razılaşdırılıb və eyni zamanda, hər iki tərəfin gələcək əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlər planlaşdırılıb.