ALMANİYA VƏ POLŞA YENİ BARIŞIĞA HAZIRDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı məlumata görə, Berlinlə Varşavanın münasibətlərində gərginlik elə həddə çatmışdır ki, avropalı qonşular bu işə qarışmağı və mübahisəçiləri barışdırmağı lazım bilmişlər. Helsinkidə sentyabrın 11-də başa çatan Avropa-Asiya zirvə toplantısı zamanı Lüksemburqun Baş naziri Jan-Klod Yunker polyak həmkarı Yaroslav Kaçinski ilə ayrıca görüşərək, inandırmağa çalışmışdır ki, almanlarla mehriban qonşuluq şəraitində də yaşamaq olar.
Son 15 ildə Almaniya ilə Polşa arasında münasibətlərdə elə səmimilik və sərbəstlik hökm sürmüşdür ki, almanların müharibədən sonrakı “iqtisadi möcüzəsi” ilə analogiya üzrə bu diplomatik fenomeni “barışıq möcüzəsi” adlandırmağa başlamışdılar. Dövlət başçıları Yohannes Rau, sonra onun varisi Horst Köler və Polşa Prezidenti Aleksandr Kvasnevski deyib-gülür, zarafatlaşır, futbol topu ilə oynayırdılar.
İndi bu qonşuların arasının dəyməsinin səbəbləri çoxdur. Buna əvvəlcə Baltik dənizinin dibi ilə boru kəməri çəkilməsinə dair Rusiya-Almaniya layihəsi səbəb oldu. Layihəni Polşada kəskin tənqidlə qarşıladılar. Sonra Almaniyanın “Taz” qəzetində dərc edilmiş məqalə münasibətlərə xələl gətirdi. Məqalədə Polşa Prezidenti Lex Kaçinskinin ünvanına artıq-əksik sözlər yazılmışdı. Yaroslav Kaçinski xəstələndiyini bəhanə gətirərək, əslində isə, qardaşını “Polşa kartofu” adlandıran alman mətbuatından incidiyinə görə Almaniyaya səfərini ləğv etdi, Polşa prokurorluğu isə Berlin qəzeti barəsində iş açdı.
Nəhayət, lap bu yaxınlarda Polşada hakim mühafizəkar koalisiyanın partiyalarından biri – Polşa Ailələrinin Millətçi Liqası ölkədəki alman azlığını Seymdə parlament təmsilçiliyi hüququndan məhrum etmək təklifi irəli sürmüşdür. Baş nazir Yaroslav Kaçinski anlatmışdır ki, bu təşəbbüsü dəstəkləyir. O vurğulamışdır ki, axı, Almaniyadakı polyak azlığının Bundestaqa seçkilərdə heç bir imtiyazı yoxdur.
“Alman dalğası” radiostansiyasının xəbərinə görə, Almaniya və Polşanın hökumət başçıları arasında söhbət oktyabrın 30-da Berlində davam etdiriləcəkdir. Yaroslav Kaçinski buraya Angela Merkelin dəvəti ilə gələcəkdir. Xanım Merkel Helsinkidə bildirmişdir ki, “toxunulmalı olan bütün məqamlara indi daha dərindən toxunulacaqdır”.