ALMANİYADA HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR
Ölkəmizin AFR-dəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 dekabr -Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə soydaşlarımıza müraciətinin mətni akkreditə ölkələrində fəaliyyət göstərən cəmiyyət və dərnəklərə, diaspor nümayəndələrinə göndərilmişdir.
Berlindəki Azərbaycan Cəmiyyətləri Federasiyası, Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzi səfirliyin köməyi ilə dekabrın 28-də Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş bayram mərasimi təşkil etmişdir. Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Delbasteh iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, soydaşlarımızı azərbaycançılıq prinsipləri, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməyə çağırmışdır.
Respublikamızın Almaniyadakı səfiri Hüseynağa Sadıqov 31 dekabr -Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevin müraciətini oxumuş və bu müraciətdən irəli gələn vəzifələri, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiə edilməsinin dünyada yaşayan hər bir soydaşımızın borcu olması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Almaniya ilə ölkəmiz arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi və xaricdəki Azərbaycan cəmiyyətlərinin, dərnəklərinin fəaliyyətinin gücləndirilməsi, diasporumuzun təşkilatlanması kimi vacib məqamları vurğulamışdır.
Mərasim iştirakçıları səfirliyin əməkdaşlarının təşəbbüsünə qoşularaq, Vətənimizin erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqları azad edilənə qədər Silahlı Qüvvələrə Yardım Fonduna hər ay öz şəxsi vəsaitlərindən pul köçürməyi, qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərilməsi üçün yeni imkanlar axtarmağı qərara almışlar.
Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevə, habelə müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və dərnəklərinə, bütün soydaşlarımıza müraciətlər qəbul olunmuşdur.
Köln şəhərindəki Azərbaycan Kültür Dərnəyi, Vürtsburqdakı Güney Azərbaycan Dərnəyi, Hollandiyanın Haaqa şəhərində fəaliyyət göstərən Hollandiya-Azərbaycan Dərnəyi və digər dərnəklər də həmrəylik gününə həsr olunmuş tədbirlər keçirmişlər.
Almaniyanın Boxum şəhərindəki Azərbaycan Akademiklər Birliyi isə, dekabrın 26-da açıq kanal vasitəsilə bir saatlıq televiziya verilişi hazırlamış və həmrəylik günü ilə əlaqədar radio və internetlə məlumatlar, təbriklər yaymışdır.