Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
Berlin, 29 may, AZƏRTAC
Almaniyada nasistlərin dövründən qalmış kilsə zəngləri ilə bağlı qalmaqal almanlar üçün də xoşagəlməz sürpriz olub. Üzərində nasistlərin simvolikası, Hitlerə həsr edilmiş mədhiyyələr və digər qadağan edilmiş elementlər olan kilsə zənglərinin alman kilsələrində hələ də asılması barədə nə üçün məhz indi söhbətlər gedir? Məgər bu zəngləri indiyə qədər görmürdülər?
Əvvələn, bu problemin miqyasını yaxşı təsəvvür etmək lazımdır. Almaniyada 45 mindən çox katolik kilsəsi və yevangelik kilsə var. Tənqid obyekti olmuş kilsə zəngləri isə, “Spiegel” jurnalının xüsusi sorğusuna alınmış cavablardan göründüyü kimi, hələlik yalnız 23 kilsədə aşkar edilib. Hərçənd, belə zənglərin sayı çox ola bilər, ona görə ki, kilsə zənglərinin üzərindəki yazılar və təsvirlər barədə informasiyanı kilsələrin, icmaların, sinodların və yepiskopluqların heç də hamısı qeydə almır. Adi dindarlar isə yuxarıda asılmış zənglərin üzərində nə yazıldığını və nə təsvir edildiyini ümumiyyətlə görmürlər. Bundan əlavə, kilsələrin daxilində ideoloji ikonoqrafiyaya çox vaxt diqqət yetirmirlər.
Berlinin Mariyendorf rayonunda yerləşən Martin Lüter memorial kilsəsi bu baxımdan nümunə sayıla bilər. 1933-1935-ci illərdə, yəni nasional-sosialistlər hakimiyyətə gələndən dərhal sonra inşa edilmiş bu kilsənin daxili interyerində müvafiq simvollar çoxdur: Kaşı üzərində truba çalan mələklər - imperiya qartalının təsviri ilə yanaşı kilsə kafedrasının taxta relyefində, İsa peyğəmbərin arxasında Vermaxtın əsgəri təsvir edilib, tavanda “Dəmir xaç” şəklində şamdan asılıb. İkinci Dünya müharibəsi başa çatandan sonra bütün svastika təsvirləri məhv edilib, lakin başqa simvollar qalıb. Bu məsələ yalnız 1980-ci illərdə ciddi söhbət mövzusuna çevrilib.
Memarlıq və tarix abidələrinin qorunması idarəsi “kədərli keçmişin simvolları”nın götürülməsinin əleyhinə çıxış edib. O vaxt icma şurası bu simvolikanın əvəzinə polşalı bir rəssamın çəkdiyi kollajları alıb. Həmin kollajlarda İsa peyğəmbərin keçdiyi əzablı yolun rəmzi kimi, Osvensim əsir düşərgəsinin qapılarından krematori sobalarına qədər olan yol təsvir edilib. Polşalı rəssamların eyni mövzuya həsr edilmiş bu və ya digər işləri, habelə nasistlərin törətdiyi cinayətlərdən bəhs edən sənədlər hazırda bu kilsədə keçirilən memorial sərgilərin eksponatlarıdır.
1933-cü ildə, yəni nasional-sosialistlərin hakimiyyətə gəldiyi dövrdə Kayzerslautern yaxınlığındakı kiçik Melingen şəhərində asılmış kilsə zənginin üzərində heç bir svastika yoxdur, lakin “Üçüncü Reyxdə hazırlanıb” sözləri yazılıb. Berlinin Şpandau rayonunda 1934-cü ildə quraşdırılmış kilsə zənginin üzərində İlahiyyatçı İohannın “Bizim inamımız dünya üzərində qələbədir” sözləri isə ümumiyyətlə silinib.
1938-ci ildə hazırlanmış, Baden kəndlərinin birində qoyulmuş kilsə zəngində isə “Böyük Almaniyanın birləşdiyi ildə hazırlanıb” sözləri yazılıb. Bu halda nasional-sosialistlərin “Böyük Almaniya”nın tərkib hissəsi hesab etdikləri Avstriyanın Almaniyaya zorla birləşdirilməsi siyasəti nəzərdə tutulur. Bu zəng də “şübhəlilər” kateqoriyasına aid edilib.
İcmalar bu zənglərlə necə rəftar edəcəklər? Bəzi kilsələrdə, məsələn Ştutqart yaxınlığındakı Virnshaym-Serrest şəhərində simvolları və yazıları silirlər. Başqa yerlərdə, məsələn Berlinin Şpandau rayonunda, Saarada Rilhingen kəndində və ya Aşağı Saksoniyanın Fasberq adlı yaşayış məntəqəsində kilsə zənglərini yeniləri ilə əvəz edirlər. Kilsə zənglərinin dəyişdirilməsi çox vaxt icmaların maliyyə imkanlarından xaric olduğu üçün bu işləri yerli sinodlar maliyyələşdirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin